Ağ Evin 1 may tarixli sərəncamı Kubanın onsuz da zəif olan iqtisadiyyatına ciddi zərbə vurub. ABŞ-ın yeni sanksiyaları və ilin əvvəlindən tətbiq edilən neft embarqosu ölkədə iqtisadi vəziyyəti daha da ağırlaşdırıb.
“El País” qəzetinin yazdığına görə, Vaşinqton Kubanın hərbi konqlomeratı sayılan və ölkə ÜDM-nin təxminən yarısına nəzarət edən GAESA ilə əməkdaşlıq edən xarici şirkət və şəxslərin ABŞ-dakı aktivlərinin dondurulacağı ilə bağlı xəbərdarlıq edib. Bu addım artıq beynəlxalq şirkətlərin ölkəni tərk etməsinə səbəb olub.
Xarici şirkətlər ölkəni tərk edir
Qısa müddət ərzində bir neçə iri xarici şirkət Kubadakı fəaliyyətini dayandırıb. İspaniyanın “Meliá” və “Iberostar” hotel şəbəkələri ümumilikdə 27 otelin idarəçiliyini dayandıraraq nəzarəti Kuba hərbi strukturlarına təhvil verib.
Eyni zamanda Kanadanın “Blue Diamond” və İndoneziyanın “Archipelago International” şirkətləri də adadakı fəaliyyətlərini tamamilə dayandırıb. Fransa və Almaniyaya məxsus CMA CGM və Hapag-Lloyd gəmiçilik şirkətləri isə konteyner daşımalarını dayandırmaq qərarı verib.
Bu proseslərin Kuba iqtisadiyyatının əsas sütunlarından biri olan turizm sektoruna ciddi təsir göstərdiyi bildirilir. Bundan başqa, ölkənin ixrac gəlirlərində mühüm yer tutan mədən sənayesi də zərbə alıb.
Yeni investor maraqları və mümkün dəyişikliklər
Məlumata görə, Kanadanın “Sherritt International” şirkəti səhmlərinin 55 faizinin “Gillon Capital” tərəfindən alınması ilə bağlı qeyri-məcburi razılaşma imzalayıb. Bu şirkətin ABŞ-ın keçmiş administrasiya rəsmiləri ilə əlaqəli olduğu qeyd olunur.
Kuba hökumətinə yaxın mənbələr isə sanksiyaların məqsədinin xarici şirkətlərin çıxarılmasından sonra onların yerini ABŞ şirkətləri ilə doldurmaq olduğunu iddia edirlər.
ABŞ şirkətləri geri qayıda bilər
Kuba bazarına qayıda biləcək ilk böyük şirkətlər arasında “Marriott” və “Airbnb”in adı çəkilir. Hər iki şirkət əvvəllər ABŞ administrasiyasının xüsusi icazələri əsasında Kubada fəaliyyət göstərib.
“Marriott” 2016–2020-ci illər arasında Havanada bir oteli idarə edib və bu, ABŞ şirkətinin Kubada yeganə hotel əməliyyatı olub. “Airbnb” isə 2015-ci ildə Kubada fəaliyyətə başlayaraq qısa müddətdə minlərlə yerləşdirmə siyahısı yaradıb, lakin sonrakı illərdə müxtəlif məhdudiyyətlər və iqtisadi çətinliklər səbəbindən fəaliyyəti zəifləyib.
2025-ci ildə ABŞ Dövlət Departamentinin bank əməliyyatlarına dair məhdudiyyətləri isə Kubada qısamüddətli icarə bazarını demək olar ki, iflic vəziyyətinə salıb.
İzmedia.az
![]()

