“The Financial Times” qəzetinin məlumatına görə, ABŞ-ın yeni tariflər tətbiq etməsi ərəfəsində qlobal dəniz yükdaşımalarının dəyəri son iki ilin ən yüksək səviyyəsinə çatıb.
Rəqəmsal daşıma platforması Freightos bildirib ki, Asiya-ABŞ-ın Şərq Sahili və Asiya-Avropa marşrutları üzrə tariflər ötən həftə 2024-cü ilin yayından bəri rekord həddə yüksəlib.
Məlumata əsasən, Çin-ABŞ Şərq Sahili marşrutu üzrə standart 40 futluq konteynerin daşınma qiyməti son bir ayda 62 faiz artaraq 7 880 dollara çatıb. Çin-Aralıq dənizi xəttində isə bu göstərici 47 faiz yüksələrək 6 431 dollar olub.
Dünyanın ən böyük gəmi sahibləri assosiasiyası olan BIMCO bildirib ki, tariflər və yanacaq qiymətləri ilə bağlı qeyri-müəyyənlik ABŞ-a malların daha sürətli göndərilməsinə səbəb olub və bu da daşınma xərclərini artırıb.
Freightos-un rəhbəri Cudah Levin qeyd edib ki, şirkətlər yay aylarında mümkün fasilələr və Yaxın Şərqdəki böhran fonunda yanacaq bahalaşması riskinə görə tədarükləri önə çəkməyə çalışırlar.
Qeyd edək ki, ABŞ iyuldan etibarən təxminən 60 ölkədən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni tariflər tətbiq etməyi planlaşdırır.
İzmedia.az
![]()

