Şərqi Çində məhkəmə keçmiş şəhər məmuru Yanq Yulinə 30 il ərzində 2,2 milyard yuandan (təxminən 325 milyon dollar) çox rüşvət aldığına görə ölüm hökmü çıxarıb.
BBC-nin məlumatına görə, 69 yaşlı Yanq Yulin 1993–2023-cü illərdə Nankin şəhərində müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilinib.
Dövlət mediasının məlumatına əsasən, Yanq mühəndislik layihələri, torpaq köçürmələri və maliyyələşdirmə ilə bağlı qərarlarda səlahiyyətlərindən istifadə edərək qarşılığında nağd pul və qiymətli əşyalar alıb.
Çançjou məhkəməsi onun törətdiyi cinayətlərin “son dərəcə ağır” olduğunu və dövlətə böyük ziyan vurduğunu bildirib.
Qeyd edək ki, Çində iqtisadi cinayətlərə görə ölüm hökmü nadir hallarda tətbiq olunur və adətən xüsusilə böyük məbləğlərlə bağlı işlərdə verilir.
İzmedia.az
![]()

