“Kommersant” qəzetinin verdiyi məlumata görə, Suriyanın “Syrian Airlines” (Syrian Air) aviaşirkəti Rusiya ilə birbaşa aviabilet satışlarının və uçuşların bərpa olunduğunu elan edib.
Moskva ilə Dəməşq arasında ilk uçuş avqustun 16-na planlaşdırılıb. Reyslər həftədə bir dəfə olmaqla həyata keçiriləcək. Təyyarə Moskva vaxtı ilə saat 08:10-da Şeremetyevo hava limanından yola düşəcək və uçuş müddəti təxminən 4 saat 50 dəqiqə təşkil edəcək.
Şirkətin açıqlamasında bildirilir ki, biletləri “Syrian Air” aviaşirkətinin rəsmi veb-saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. İlk reys üçün ekonom sinif biletinin qiyməti təxminən 350 dollar (təxminən 28,5 min rubl) civarında müəyyən edilib.
Məlumatın dərc edildiyi an üçün sözügedən reys hələ Şeremetyevo hava limanının rəsmi uçuş cədvəlində görünmürdü və “Aviasales” platformasında yer almamışdı. Bununla belə, “Yandex Travel” xidməti vasitəsilə “Syrian Air” şirkətinin ən yaxın reysinə bileti təxminən 33,3 min rubla almaq mümkündür.
Rusiya ilə Suriya arasında birbaşa hava əlaqəsi 2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsi və Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra dayandırılmışdı. Hadisələrdən əvvəl bu istiqamətdə müntəzəm uçuşları “Syrian Air” və “Cham Wings” şirkətləri həyata keçirirdi.
İzmedia.az
![]()

