ABŞ-də 152 milyard dollarlıq nəhəng volfram yatağı kəşf edilib

2 Min Read

“Interesting Engineering” nəşrinin məlumatına görə, Amerikanın “3 Proton Lithium” (3PL) şirkəti Nevada ştatındakı “Railroad Valley Minerals” layihəsi ərazisində ABŞ tarixinin ən böyük volfram yatağının tapıldığını elan edib. Şirkət ehtiyatların 1,78 milyon ton həcmində olduğunu təxmin edir ki, bu da ölkədə əvvəllər məlum olan ən böyük yataqdan təxminən beş dəfə çoxdur.
Cari bazar qiymətləri ilə yalnız volfram ehtiyatlarının dəyəri 152 milyard dollar civarında qiymətləndirilir. Hazırkı istehlak templəri nəzərə alınarsa, bu ehtiyatlar ABŞ-ın tələbatını yüz illər ərzində ödəyə bilər. Yataqda volframdan əlavə litium, kalium duzları və bor ehtiyatları da aşkar edilib. Şirkətin hesablamalarına görə, sahədəki bütün faydalı qazıntıların ümumi dəyəri 3,5 trilyon dollara çatır. Qiymətləndirmə dörd dərin kəşfiyyat quyusunun, 290 neft quyusunun məlumatları və minlərlə laboratoriya analizi əsasında aparılıb. 37 geoloji təbəqədən hələlik yalnız 10-u tədqiq edildiyi üçün ehtiyatların daha da artacağı istisna olunmur.
Mədənin mənimsənilməsində əsas maneə layihə ərazisinin təxminən 44 km²-lik hissəsinin NASA tərəfindən tətbiq edilən məhdudiyyətlər altında olmasıdır. Kosmik agentlik bu ərazini peyk avadanlıqlarının kalibrlənməsi üçün istifadə edir və hasilatın sistemə mane olacağını bildirir. Öz növbəsində “3PL” şirkəti mineralları yeraltı süzmə üsulu ilə çıxararaq açıq karxanalar yaratmayacağını və NASA-nın məhdudiyyətlərinin ləğv edilməli olduğunu vurğulayır.
Şirkətin sədri Kevin Mur bildirib ki, ABŞ-ın təxminən on ildir volfram hasil etməməsi və qlobal bazara Çinin nəzarət etməsi fonunda bu kəşf ölkə üçün strateji və milli təhlükəsizlik əhəmiyyəti daşıyır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş