“RBC-Ukraine” nəşrinin verdiyi məlumata görə, Rusiya hərbi birləşmələri avqustun 8-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raketlərlə hücum edib.
Kiyev meri Vitali Kliçko, Kiyev Şəhər Hərbi Administrasiyası və Ukrayna Fövqəladə Hallar Xidmətinin yaydığı bəyanata əsasən, şəhərdə 6-8 kəskin partlayış səsi eşidilib. Hücum nəticəsində ilk məlumatlara görə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hava həyəcanı siqnalı raket zərbəsindən cəmi bir dəqiqə əvvəl verilib və sonradan ləğv olunub.
Dağıntılar və yanğınlar paytaxtın bir neçə rayonunda qeydə alınıb:
-
Qoloseevski rayonu: Qarajlar və qeyri-yaşayış binaları alovlanıb.
-
Obolonski rayonu: Yanacaq anbarlarının yerləşdiyi sənaye müəssisələrindən birində güclü yanğın baş verib.
Hazırda fövqəladə xidmət orqanları və xilasedici briqadalar hadisə yerlərində zərbələrin nəticələrini aradan qaldırmaq istiqamətində işləri davam etdirirlər.
Xatırladaq ki, Kiyev avqustun 5-də də raket və dronların kütləvi hücumuna məruz qalmışdı. Həmin vaxt 1 nəfər həlak olmuş, 20-dən çox şəxs yaralanmış, “Epicenter”, “ROZETKA” və “Nova Pochta” obyektlərinə ciddi ziyan dəymişdi. Avqustun 1-nə keçən gecə endirilən zərbələr nəticəsində isə 4-ü uşaq olmaqla 9 nəfər həyatını itirmiş, 33 nəfər yaralanmışdı.
İzmedia.az
![]()

