“Europa Press” agentliyinin məlumatına görə, İspaniya hökuməti avqustun 8-dən sentyabrın 7-dək liman və hava limanlarında İtaliyadan gələn sərnişinlər üçün sərhəd nəzarətini müvəqqəti bərpa edib. Qərar çərçivəsində sərhədçilər sərnişinlərin sənədlərini seçmə üsulla yoxlayacaqlar. Aİ vətəndaşlarından pasport və ya şəxsiyyət vəsiqəsi, üçüncü ölkə vətəndaşlarından isə viza və ya yaşayış icazəsi ilə birlikdə pasport tələb olunacaq. Şərtlər dəyişəcəyi təqdirdə nəzarət müddətinə yenidən baxıla bilər.
Bu addım İtaliyanın oxşar məhdudiyyətlərinə cavab olaraq atılıb. Bir müddət əvvəl Roma İspaniyanın Şimali Afrikadakı Seuta anklavına kütləvi miqrant axınını əsas gətirərək İspaniyadan gələnlərə sərhəd nəzarəti tətbiq etmişdi və Madridin xəbərdarlıqlarına baxmayaraq, məhdudiyyətləri ləğv etməkdən imtina etmişdi.
Xatırladaq ki, Mərakeşlə sərhəddə yerləşən və 85 min əhalisi olan Seuta şəhərinə iyulun sonundan bəri təxminən 72 min qanunsuz miqrant daxil olub. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda böhran nəzarətə alınıb və ölkə ərazisinə qanunsuz daxil olan şəxslərin böyük əksəriyyəti geri qaytarılıb.
İzmedia.az
![]()

