Ukraynanın taxıl və yağlı toxum bazarlarında kommersiya agenti kimi fəaliyyət göstərən “Spike Brokers” şirkətinin “Telegram” kanalındakı məlumatına görə, avqustun 1-dən 5-dək ölkədən kənd təsərrüfatı ixracının həcmi iyulun eyni dövrü ilə müqayisədə 60,1 faiz azalaraq 784,5 min tondan 312,9 min tona düşüb.
İxrac gəlirləri isə 38,4 faiz azalaraq 326,9 milyon dollardan 201,5 milyon dollara enib. Ən kəskin azalma taxıl məhsullarında müşahidə olunub. Belə ki, ayın əvvəlində buğda ixracı iyulun əvvəlindəki 294,9 min tona qarşı 93,2 min ton, qarğıdalı ixracı isə 293,7 min tona qarşı 33,5 min ton təşkil edib. Eyni zamanda, günəbaxan yağı ixracı 52,1 min tondan 30,7 min tona qədər azalıb.
Avqustun əvvəlində Kiyev dəniz limanlarının dayanması fonunda kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün Avropa Komissiyasından 220 milyon avro məbləğində qrant (geri qaytarılmayan yardım) istəyib. Vəsaitin kiçik və orta ölçülü kənd təsərrüfatı istehsalçıları üçün kreditlər üzrə faiz ödənişlərinin subsidiyalaşdırılmasına yönəldilməsi nəzərdə tutulur.
Ukrayna hakimiyyəti bildirib ki, limanların uzun müddət blokadası səbəbindən 2026-2027-ci illər marketinq ilində kənd təsərrüfatı ixracatı 64,4 milyon tondan 29,6 milyon tona qədər azala bilər. Oktyabr ayının əvvəlində anbarların tamamilə dolacağı və nəticədə 9 milyon tondan çox taxıl və yağlı toxumun lazımi saxlama tutumunun olmaması riski ilə üzləşə biləcəyi ehtimal olunur.
İzmedia.az
![]()

