Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində Rusiyanın müharibəni bitirmək istəmədiyini vurğulayaraq, sülh prosesində ABŞ-nin daha fəal rol oynamasının zəruriliyini bəyan edib.
Son aylarda Vaşinqtonun məsələyə marağının azaldığı müşahidə edilsə də, Kiyev ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında sülh prosesinin canlandırılması üçün yeni təkliflər irəli sürüb. Zelenski təkliflərin təfərrüatlarını açıqlamasa da, ABŞ-nin prosesə daha ciddi cəlb olunmalı olduğunu bildirib: “Prezident Trampın komandasına prosesi davam etdirmək istəyinə görə minnətdaram. Lakin Putin hazırda müharibəni dayandırmaq niyyətində deyil və ona qarşı kifayət qədər təzyiq yoxdur”.
“Avropa Pravdası”nın yaydığı məlumata görə, Ukrayna lideri Rusiyanın işğal etməyə çalışdığı Donbasın qalan ərazilərinin güzəştə gedilməsi ideyasını qətiyyətlə rədd edib və Kiyev üçün təhlükəsizlik zəmanətlərinin əsas şərt olaraq qaldığını vurğulayıb.
“Rusiya danışıqlardan bəhs edərkən yalnız ərazi məsələsini qabardır. Əsas sual budur ki, müəyyən fasilədən sonra Rusiyanın 1 və ya 2 milyonluq əlavə qoşunla yenidən bizi işğal etməyə gəlməyəcəyinə kim zəmanət verir?” – deyə Zelenski fikrini tamamlayıb.
İzmedia.az
![]()

