“The Guardian” qəzetinin məlumatına görə, bu yayın anomal isti hava şəraiti Avropa iqtisadiyyatına ciddi ziyan vurur. Niderlandın “Triodos” bankının iqtisadçılarının hesablamalarına əsasən, istilik dalğaları Avropa İttifaqının ÜDM-ində təxminən 180 milyard avro itki ilə nəticələnə bilər.
İstilər əmək məhsuldarlığını azaltmaqla yanaşı, enerji, logistika, kənd təsərrüfatı və turizm sahələrində dərin problemlər yaradır.
Ölkələr üzrə əsas iqtisadi təsir və risklər:
-
Fransa: Çaylarda suyun səviyyəsinin düşməsi atom elektrik stansiyalarının soyudulmasını çətinləşdirib. Ölkənin nüvə potensialının 15%-ə qədəri dayana bilər. Bu vəziyyətin ÜDM-i 1,4 faiz bəndi azaltması və iqtisadiyyatı tənəzzülə sürükləməsi gözlənilir.
-
Almaniya: Reyn çayında suyun rekord səviyyədə azalması kömür, neft və qaz daşınmasını çətinləşdirib, gəmilər yükü azaltmağa məcbur olub. İqtisadiyyata təsirin 1%-dən az olacağı təxmin edilir.
-
İspaniya: Meşə yanğınları 275 min hektar ərazini məhv etsə də, turizm xərcləri tez bir zamanda bərpa olunub. Lakin istilərin illik iqtisadi artımı (2,8%) 1 faiz bəndi azaldacağı gözlənilir.
-
İtaliya: Kənd təsərrüfatı son 4 ildə 20 milyard avro zərər çəkib. Turistlərin daha sərin ölkələrə yönəlməsi riski fonunda ÜDM-in 1,1 faiz bəndi azalacağı proqnozlaşdırılır.
-
Polşa: İqtisadi zərər nisbətən az olsa da, Visla çayında suyun azalması bəzi elektrik stansiyalarının fəaliyyətini dayandırmasına səbəb olub. Buna baxmayaraq, ölkə iqtisadiyyatının 2,9% artacağı gözlənilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, həddindən artıq istilərin təsiri artıq müvəqqəti hal deyil, Avropa iqtisadiyyatı üçün daimi təzyiq faktoruna çevrilməkdədir.
İzmedia.az
![]()

