BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ABŞ hakimiyyətinin Fələstin tərəfdarı olan “Palestine Action” (“Fələstin Hərəkatı”) şəbəkəsini terror təşkilatı kimi tanımaq qərarını sərt şəkildə pisləyib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün ofisi tərəfindən yayımlanan bəyanatda bu addımın təməl insan hüquqlarını məhdudlaşdırdığı bildirilib.
“Reuters” agentliyinin sitat gətirdiyi rəsmi bəyanatda deyilir:
“[Bu qərar] söz və ifadə azadlığı, dinc toplaşmaq, birləşmək hüquqlarına, eləcə də ictimai həyatda iştirak etmək hüququna qeyri-mütənasib və yersiz məhdudiyyətdir.”
Ali Komissar Volker Türk həmçinin vurğulayıb ki, “terrorizm” termininin siyasi məqsədlər üçün belə geniş və qeyri-müəyyən şəkildə istifadə edilməsi qəbulolunmazdır.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Böyük Britaniyada yerləşən “Palestine Action” qrupunu sanksiyalar və terror təşkilatları siyahısına daxil edib. Böyük Britaniya hökuməti isə qrupu hələ 2025-ci ilin yayında qadağan etmişdi. Həmin vaxtdan bəri Britaniyada təşkilata dəstək aksiyalarında 3 000-dən çox şəxs saxlanılıb və 700-dən çox insana qarşı rəsmi ittiham irəli sürülüb. “Palestine Action” Britaniya məhkəmələrində bu qadağaya qarşı hüquqi mübarizəsini davam etdirir.
İzmedia.az
![]()

