İŞİD ekspertləri Nətənzdə İranın gizli yeraltı nüvə obyektini aşkar ediblər

1 Min Read
Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (İŞİD) analitikləri tərəfindən hazırlanan yeni hesabatda İranın Nətənzdəki uran zənginləşdirmə kompleksi ərazisində əvvəllər məlum olmayan yeraltı bunker tipli tikili müəyyən edilib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, sözügedən obyekt Nətənz yanacaq zənginləşdirmə zavodunda genişmiqyaslı fəaliyyəti dəstəkləmək və nüvə silahının istehsalında istifadə oluna biləcək uran heksaflüoridin (UF6) saxlanılması üçün nəzərdə tutulub.
Tədqiqatda qeyd olunur ki, ayrıca və yarımbunker tipli bu struktura malik yeraltı bina 2010–2017-ci illər arasında inşa edilib və tikinti işlərinin əsas hissəsi 2015–2017-ci illərə təsadüf edib.
Peyk görüntülərinin təhlili göstərir ki, gizli bunker ötən il və cari il ərzində ABŞ və İsrail tərəfindən İranın nüvə obyektlərinə endirilən hərbi zərbələr zamanı zərər görməyib.
Hesabatda vurğulanır: “Çox güman ki, obyekt nə 2025-ci ildə, nə də 2026-cı ildə keçirilən hərbi əməliyyatların hədəfi olub. 2025-ci ilin iyun müharibəsindən sonra mövcud peyk görüntülərində obyektdə hər hansı xüsusi avadanlıq və ya nəqliyyat fəaliyyəti müşahidə edilməyib”.
Ekspertlər bildirirlər ki, bu cür zədələnməmiş yeraltı infrastrukturun mövcudluğu Vaşinqton və Qüdsün həyata keçirdiyi hərbi zərbələrdən sonra İranın nüvə potensialının nə dərəcədə məhv edildiyi ilə bağlı beynəlxalq ictimaiyyətdə yeni suallar və ciddi narahatlıqlar yaradır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş