Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən zirvə toplantısının yekunlarına əsasən dövlət başçıları tərəfindən 28 strateji sənəd qəbul olunub. Yekun sənədlər toplusunun mərkəzində təşkilatın yaradılmasının 25 illiyinə həsr olunan Bişkek Bəyannaməsi və ŞƏT Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında 2002-ci il tarixli protokol dayanır.
ŞƏT Dövlət Başçıları Şurası iclas çərçivəsində təhlükəsizlik, ekologiya, rəqəmsallaşma və nəqliyyat sahələrini əhatə edən geniş fəaliyyət proqramlarını təsdiqləyib. Qəbul edilən əsas sənədlər arasında 2030-cu ilə qədər Narkomaniyaya Qarşı Mübarizə, Sintetik Narkotiklərin və Onların Prekursorlarının Yayılmasına Qarşı Mübarizə Proqramları, habelə Biomüxtəlifliyin Qorunması Təşəbbüsü (2026–2031-ci illər üzrə Fəaliyyət Planı) və 2026–2030-cu illər üçün “Yaşıl Texnologiya Dəhlizi”nin Yaradılması Proqramı yer alır.
Liderlər, həmçinin Beynəlxalq İnformasiya Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Qarşılıqlı Əlaqə Planının müddətini 2026–2028-ci illər üçün uzadıblar. Bununla yanaşı, ŞƏT-ə üzv dövlətlərin Təhlükəsizlik Çətinlikləri və Təhdidləri ilə Mübarizə üzrə Universal Mərkəzinin və İcraiyyə Komitəsinin əsasnamələri təsdiq edilib.
Regional inteqrasiyanı dərinləşdirmək məqsədilə 2026–2030-cu illər üzrə limanların və logistika mərkəzlərinin inkişafı planı, eləcə də süni intellekt sənayesinin və regional məlumat mərkəzlərinin formalaşdırılması konsepsiyası bəyənilib. Zirvə görüşündə ŞƏT Katibliyi ilə Afrika İttifaqı Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması barədə də qərar verilib.
İzmedia.az
![]()

