Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən təşkilatın fundamental prinsiplərini və qlobal siyasi nizamdakı rolunu diqqətə çatdırıb.
Qazaxıstan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Tokayev ŞƏT-in hərbi-siyasi ittifaq məntiqindən kənar fəaliyyət göstərdiyini vurğulayıb: “ŞƏT hərbi-siyasi blokların məntiqindən kənarda fəaliyyət göstərir və heç bir dövlətə qarşı yönəlməyib. O, tamamilə fərqli bir siyasi fəlsəfəyə – tərəqqi üçün birgə işləmək ideyasına əsaslanan “Şanxay ruhuna” söykənir. Əsas məqsədimiz güclü və çiçəklənən ŞƏT icması qurmaqdır”.
Dövlət başçısı bildirib ki, təşkilat fərqli siyasi və mədəni xüsusiyyətlərə malik ölkələri suverenliyə hörmət, daxili işlərə müdaxilə etməmək, qarşılıqlı etimad, açıqlıq və əməkdaşlıq prinsipləri ətrafında bir araya gətirir.
Eyni zamanda, Qazaxıstan lideri ŞƏT-in yarandığı dövrdən bəri beynəlxalq mühitin köklü şəkildə dəyişdiyini və dünyada gərginliyin artdığını qeyd edib. O vurğulayıb ki, hazırda beynəlxalq münasibətlərdə konsolidasiyanı parçalanma, əməkdaşlıq istəyini isə sərt geosiyasi rəqabət əvəz edir. Tokayevin sözlərinə görə, qarşılıqlı etimadın azalması qlobal institutların müasir çağırışlara effektiv cavab vermək qabiliyyətini zəiflədir və ŞƏT üzvləri bu fonda birliyi daha da gücləndirməlidirlər.
İzmedia.az
![]()

