Sentyabrın 2-də gecə saat 03:15 radələrində Mərmərə dənizində, İstanbulun Silivri rayonu sahillərindən təxminən 18 dəniz mili cənubda Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub. Hadisə nəticəsində “Tuğberk İmamoğlu” adlı yük gəmisi batıb, gəmidəki 10 nəfərlik heyətin axtarış-xilasetmə işləri davam etdirilir.
İstanbul Valiliyi və Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin verdiyi məlumata görə, Qocaelidən Əliağaya gedən “Alsu” tankeri ilə İskəndərun limanından Qara dəniz Ereğlisinə hərəkət edən rulo sac metal və tikinti armaturu yüklü “Tuğberk İmamoğlu” gəmisi toqquşub. Səlahiyyətlilər bildirib ki, qəza anında “Tuğberk İmamoğlu” gəmisindən SOS xəbərdarlıq siqnalı daxil olub, lakin daha sonra heyətlə heç bir rabitə əlaqəsi saxlanıla bilməyib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, qəzadan sonra gəmi cəmi 11 dəqiqə ərzində sürətlə batıb. Hadisə yerində aparılan ilkin baxış zamanı gəmiyə aid boş xilasetmə qayığı və halqaları aşkar edilib. Şanssız ki, hələlik heyət üzvlərindən heç kim tapılmayıb.
Axtarış-xilasetmə əməliyyatlarına Sahil Mühafizəsi Komandanlığı, Dəniz Qüvvələri və Kıyı Emniyeti İdarəsinin gəmiləri, fırkateynlər, dalğıc gəmiləri və helikopterlər cəlb olunub. “Alsu” tankerində isə xəsarət alan olmayıb və gəmi özü də axtarış əməliyyatlarına dəstək verir. Hadisə ilə bağlı araşdırma aparılır.
İzmedia.az
![]()

