Avropa İttifaqının 11 ölkəsindən vetonun ləğvi və səsvermə islahatı təklifi

2 Min Read
“Politico” nəşrinin Avropa İttifaqının (Aİ) 11 üzv dövlətinin xarici işlər nazirləri tərəfindən imzalanmış birgə məktuba istinadən verdiyi məlumata görə, Fransa və Almaniya da daxil olmaqla bir qrup ölkə Aİ-nin xarici siyasət qərarlarının qəbulu mexanizmini köklü şəkildə sadələşdirməyi təklif edib. Təşəbbüs ayrı-ayrı dövlətlərin veto hüququndan istifadəsini məhdudlaşdırmağı və ixtisaslı səsvermə çoxluğu (QMV) sistemini genişləndirməyi nəzərdə tutur.
Məktubun həmmüəllifləri olan Almaniya, Fransa, Avstriya, Belçika, Danimarka, Finlyandiya, Lüksemburq, Niderland, Rumıniya, İspaniya və İsveç xarici siyasət üzrə ali nümayəndə Kaja Kallasa müraciət edərək mövcud sistemin Aİ-nin fəaliyyət qabiliyyətini iflic etdiyini bildiriblər. Sənəddə vurğulanır: “Mümkün olan hər yerdə konsensusa nail olmağa çalışacağıq. Lakin eyni zamanda bu konsensus mədəniyyətinin birgə fəaliyyətə mane olmamasını təmin etməliyik, əks halda legitimliyimiz olacaq, lakin gücümüz olmayacaq”.
Mövcud Aİ qaydalarına əsasən, Ümumi Xarici və Təhlükəsizlik Siyasəti çərçivəsində bütün qərarlar 27 üzv dövlətin yekdil razılığı (konsensus) ilə qəbul edilməlidir. Bu norma xüsusilə son illərdə, məsələn, Macarıstanın keçmiş baş naziri Viktor Orbanın təkbaşına veto qoyması nəticəsində 26 ölkənin dəstəklədiyi strateji təşəbbüslərin və sanksiya paketlərinin aylarla dondurulmasına gətirib çıxarıb.
Nazirlər fərqli mövqedə duran dövlətlər üçün “konstruktiv tərəfsizlik” (constructive abstention) mexanizmindən fəal istifadə olunmasını, yəni qarşı çıxan ölkənin səsvermədə iştirak etməməklə qərarı bloklamaması təcrübəsini irəli sürürlər. Həmçinin, daxili siyasi güzəştlər qazanmaq məqsədilə xarici siyasət məsələlərini aidiyyətsiz mövzularla əlaqələndirmək (siyasi alver) təcrübəsinə qadağa qoyulması tələb olunur.
Diplomatlar Kaja Kallasa Aİ müqavilələrinə dəyişiklik etmədən, “passerelle” (keçid) bəndindən (Maddə 31) istifadə edərək xarici siyasətin müəyyən istiqamətlərində ixtisaslı səsvermə çoxluğuna keçid imkanlarını araşdırmağı tövsiyə ediblər. Təklifin Aİ xarici işlər nazirlərinin İrlandiyanın Uiklou (Wicklow) şəhərində keçirilən qeyri-rəsmi “Gymnich” görüşündə ətraflı müzakirə olunacağı gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş