Avstraliyanın Kvinslend ştatında hüquq-mühafizə organları Blekall (Blackall) şəhəri yaxınlığındakı fermadan dəyəri 1,7 milyon Avstraliya dollarından (təxminən 1,2 milyon ABŞ dolları) çox olan 5 500 baş qoyunun oğurlanması ilə bağlı genişmiqyaslı istintaqa başlayıb.
Aparılan ilkin araşdırmalara əsasən, “Dorper” cinsinə aid dişi qoyunlar və qoçlar fevral və may ayları arasında mərhələli şəkildə yoxa çıxıb. Bütün heyvanların qulaqlarında Milli Mal-qara İdentifikasiya Sisteminə (NLIS) aid ağ rəngli xüsusi birkalar (nişanlar) olub.
Kvinslend Polisinin Kənd Cinayətləri və Mal-qara Oğurluğu Bölməsinin detektiv baş serjantı Pol Elliott hadisə ilə bağlı açıqlamasında bildirib: “Mal-qara oğurluğu fermerlər və yerli icmalar üçün dağıdıcı təsirə malikdir. Bu cür böyükmiqyaslı cinayətlər onsuz da mürəkkəb iqlim şəraitində fəaliyyət göstərən kənd təsərrüfatı təsərrüfatlarına ağır maliyyə zərbəsi vurur”.
Kənd təsərrüfatı ekspertləri qeyd edirlər ki, bu miqyasda qoyun sürüsünün gizlicə daşınması mütəşəkkil cinayətkar qrupun əməli ola bilər. Heyvanların ya hissə-hissə kəsimxanalara ötürüldüyü, ya da qanunsuz yolla başqa bölgələrə aparıldığı ehtimal edilir.
Xatırladaq ki, “Dorper” cinsi Cənubi Afrikadan mənşə almış, sürətli çəki artımı, yüksək ət məhsuldarlığı və quraqlığa dözümlülüyü ilə seçilən, yununu təbii yolla tökən unikal qoyun cinsidir. Avstraliyada nəhəng əraziləri əhatə edən fermalarda məsafələrin böyüklüyü səbəbindən oğurluq halları yalnız mütəmadi sayım (muster) zamanı üzə çıxır.
İzmedia.az
![]()

