Volkswagen-in Osnabrük zavodu müdafiə sənayesi mərkəzinə çevrilir

1 Min Read
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” (VW) şirkətinin Aşağı Saksoniyada yerləşən Osnabrük zavodunun müdafiə sifarişləri ilə təmin olunması barədə ilkin razılıq əldə edilib. “Volkswagen”, Aşağı Saksoniya əyalət hökuməti və “Aurelius Capital” investisiya şirkəti müqavilənin əsas şərtləri üzrə razılığa gəliblər.
Plana əsasən, 2027-ci ildə avtomobil istehsalı başa çatdıqdan sonra zavod tədricən təhlükəsizlik və müdafiə həlləri üzrə səlahiyyət mərkəzinə çevriləcək. “Aurelius” əksər səhmdar kimi regional hakimiyyətlə birgə “Volkswagen Osnabrück GmbH” şirkətini əldə edəcək. Bu addım müəssisədəki 1,8 min işçidən təxminən 1,4 mininin (işçilərin üçdə dördünün) iş yerini qorumasına imkan yaradacaq.
İlkin əsas layihə İsrailin “Rafael” müdafiə şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşacaq. Dəmir Günbəz (Iron Dome) hava hücumundan müdafiə sisteminin yaradıcısı kimi tanınan “Rafael” ilə birgə HHM sistemləri üçün komponentlərin, idarəolunan raketlərin və elektron müharibə komplekslərinin istehsalı nəzərdə tutulur. Yekun satış hələ rəsmiləşməsə də, imzalanmış saziş hüquqi və təşkilati keçid dövrünün əsasını qoyur.
Qeyd edək ki, “Karmann” şirkətinin bazasında qurulan Osnabrük zavodu son zamanlar sifarişlərin azalması və “Porsche” modellərinin istehsalının dayandırılması səbəbindən qeyri-müəyyənliklə üz-üzə qalmışdı. Hazırda obyektdə yalnız “T-Roc Cabrio” modeli istehsal olunur.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş