İran Silahlı Qüvvələrinin Baş Qərargahından olan texniki nümayəndə heyəti mart ayında Qətərdə döyüş tapşırığı zamanı vurulan Su-24 təyyarələrinin üç iranlı pilotunun taleyinə aydınlıq gətirmək məqsədilə bu ölkəyə səfər edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında məlumat verib.
Bəqayi vurğulayıb ki, üç cəsur pilotun vəziyyətinin müəyyənləşdirilməsi Tehranın bütün diplomatik məsləhətləşmələrinin əsas gündəliyində yer alır və İran onların taleyi tam aydınlaşana qədər sağ olduqlarını ehtimal edərək bütün beynəlxalq kanallardan istifadə edir.
Xatırladaq ki, avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının İtkin Düşmüş Şəxslərin Axtarışı Komitəsinin rəhbəri Məhəmməd Bağırzadə mart ayında Qətərdə BƏƏS və ABŞ obyektlərinə hücum zamanı vurulan iki Su-24 bombardmançı təyyarəsinin üç pilotunun (Cavad Salehi, Əbdülməcid Dəştiyan və İmran Behruzian) Qətər qüvvələri tərəfindən sağ olaraq əsir götürüldüyünü bəyan etmişdi. Dördüncü pilot Məcid Kazeminin isə həlak olduğu və nəşinin İrana təhvil verildiyi bildirilib.
Rəsmi Doha isə iranlı pilotların saxlanılması barədə iddiaları təkzib edərək, dənizdə yalnız bir pilotun cəsədinin tapıldığını və araşdırma aparılması üçün Tehranın dəvət olunduğunu açıqlayıb.
İzmedia.az
![]()

