İndoneziyanın müxtəlif bölgələrində eyni vaxtda altı vulkanın aktivləşməsi qeydə alınıb. “RİA Novosti”nin ölkənin rəsmi qurumlarına istinadən verdiyi məlumata görə, söhbət Anak Krakatau, Semeru, İbu, Levotobi Laki-Laki, Levotolok və Sinabung vulkanlarından gedir.
Avqustun 31-dən başlanan bu təbiət hadisəsi ilə bağlı İndoneziya Vulkanologiya və Geoloji Risklərin Azaldılması Mərkəzi (PVMBG) bəyan edib ki, püskürmələr bir-biri ilə fiziki əlaqəyə malik deyil, çünki hər bir vulkanın özünəməxsus müstəqil maqmatik sistemi var.
Bazar günü Semeru vulkanı növbəti dəfə təxminən 1000 metr hündürlüyədək kül sütunu buraxıb, Anak Krakatau vulkanında da aktivlik davam edir. Dördballıq təhlükə şkalasına əsasən, altı vulkandan beşi (Anak Krakatau, Semeru, İbu, Levotobi Laki-Laki və Sinabung) üçüncü (yüksək) səviyyədə, Levotolok vulkanı isə ikinci səviyyədə qiymətləndirilib.
İzmedia.az
![]()

