Avstraliya kəşfiyyatının hazırladığı və “Beş Göz” (Five Eyes) alyansına təqdim etdiyi məxfi memoranduma əsasən, Qərb ölkələrinin, o cümlədən Britaniya SAS xüsusi təyinatlılarının keçmiş hərbçiləri Avropadakı bazalarda Rusiya vətəndaşlarına və əsgərlərinə təlim keçirlər. Sənəd “The Telegraph” nəşrinə sızdırılıb.
Məlumata görə, avstraliyalı veteranlar Rusiya vətəndaşlarının təlim keçdiyi Bolqarıstan və Serbiyadakı bazalara təlimatçı kimi cəlb olunmağa çalışılıb. Qeyd olunur ki, Bolqarıstandakı “Alfa-Metal” şirkətinə məxsus bazada təxminən 4000 avro dəyərində yaxın məsafəli döyüş və snayper hazırlığı kursları təşkil edilir. Ukraynada müharibə başladıqdan sonra da rusiyalıların bu düşərgələrdə təlimləri davam etdirdiyi bildirilir.
“Alfa-Metal” şirkəti iddiaları qətiyyətlə rədd edərək müharibə dövründə SAS veteranlarını işə götürmədiyini və ruslara təlim keçmədiyini bəyan edib. Birləşmiş Krallıq Müdafiə Nazirliyi isə xüsusi xidmət orqanları ilə bağlı məlumatların məxfiliyi prinsipini əsas gətirərək şərh verməkdən imtina edib.
“The Telegraph” xəbərdəki iddiaları müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayıb. Eyni zamanda, bəzi SAS veteranları bir çox şəxsin özünü saxta olaraq keçmiş xüsusi təyinatlı kimi təqdim etdiyini bildirərək sənəddəki faktları şübhə altına alıblar.
İzmedia.az
![]()

