Volkswagen xərclərə qənaət planı çərçivəsində “Ducati” brendini satmağı nəzərdən keçirir

1 Min Read
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” (VW) xərclərin azaldılması və aktivlər portfelinin optimallaşdırılması strategiyası çərçivəsində İtaliyanın məşhur motosiklet istehsalçısı “Ducati” brendini satmağı planlaşdırır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
VW Qrupuna daxil olan “Audi” şirkətinin baş direktoru Gernot Döllner agentliyə müsahibəsində bildirib ki, hazırda konsernə məxsus 600 şirkətin fəaliyyəti təhlil edilir və “Ducati” də bu siyahıya daxildir. Döllner vurğulayıb ki, müzakirələr aktivlərin məsuliyyətli idarə olunması prinsipinə dayanır və brendin gələcəyi ilə bağlı hələlik yekun qərar qəbul edilməyib. “Bloomberg Intelligence” analitiki Maykl Dinin hesablamalarına görə, brendin bazar dəyəri təxminən 1,25 milyard avro qiymətləndirilir.
1926-cı ildə Bolonyada əsası qoyulan və İkinci Dünya Müharibəsindən sonra motosiklet istehsalına başlayan “Ducati” 2012-ci ildən “Audi”nin tərkibindədir. İldə təxminən 50 min motosiklet istehsal edən şirkətin ötənilki gəliri 925 milyon avro, əməliyyat mənfəəti isə 52 milyon avro təşkil edib.
Qeyd edək ki, “Volkswagen” sentyabrın əvvəlində genişmiqyaslı kadr ixtisarlarını, model sırasının iki dəfə azaldılmasını və Almaniyadakı bir neçə zavodun bağlanmasını nəzərdə tutan geniş restrukturizasiya planını təsdiqləyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş