Böyük Britaniyada dron zavodlarına təxribat hazırlayan şəxs məhkəmə qarşısına çıxarılıb

1 Min Read
Böyük Britaniyanın Suindon şəhər sakini, 31 yaşlı Coşua Kemmic (Joshua Cammidge) Rusiya hərbi kəşfiyyatı (QƏU / GRU) ilə əməkdaşlıq etmək və hərbi dron istehsal edən müəssisələrə təxribat hazırlamaq ittihamı ilə London məhkəməsi qarşısına çıxarılıb.
“Euronews”un məlumatına görə, Kemmicə Böyük Britaniyanın “Milli Təhlükəsizlik Qanunu”nun iki maddəsi üzrə — xarici kəşfiyyat xidmətinə köməklik göstərmək və təxribat aktına hazırlıq görmək ittihamları irəli sürülüb. İstintaqın versiyasına əsasən, o, mart-sentyabr ayları arasında Rusiya kəşfiyyatının nəzarətində olan “QƏU Könüllülər Korpusu”nun nümayəndələri ilə əlaqə saxlayaraq, Suindondakı dörd dron zavodunun koordinatlarını, xəritə görüntülərini və fəaliyyət təfərrüatlarını qarşı tərəfə ötürüb, həmçinin Wi-Fi siqnallarını bloklayan cihazları araşdıraraq təxribat törətməyi təklif edib.
Britaniya Terrorla Mübarizə Polisinin əməliyyatı nəticəsində saxlanılan Kemmic Vestminster Magistrat Məhkəməsindəki ilkin dinləmədə təqsirini boynuna almayıb. Məhkəmə onun həbsdə qalması barədə qərar çıxarıb və iş növbəti baxış üçün sentyabrın 25-də London Mərkəzi Cinayət Məhkəməsinə (“Old Bailey”) göndərilib.
Böyük Britaniya Daxili İşlər Nazirliyinin Təhlükəsizlik üzrə dövlət naziri Den Cervis bildirib ki, London Ukraynaya dəstəyi sarsıtmağa və ölkə daxilində xaos yaratmağa yönəlmiş Rusiya təhdidlərinə qarşı qətiyyətli mübarizəni sürdürəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş