ABŞ Milli Kəşfiyyat Direktorunun Ofisində (ODNI) xüsusi xidmət orqanlarının rəhbərliyi ilə hökumət tərəfindən yaradılmış UAP Elmi Məşvərət Şurasının (UAPSAC) üzvləri arasında görüş keçirilib. Harvardlı astronom prof. Avi Loeb və psixoloq dr. Cennayz Vilhauerin də daxil olduğu ekspert heyətinin iştirak etdiyi iclasda yadplanetli sivilizasiyalarla (“qeyri-insani zəka”) olası təmas ssenariləri və Vaşinqtonun bu sahədə beynəlxalq liderliyi üzərinə götürmək planları müzakirə olunub.
“Bild” nəşrinə müsahibə verən dr. Vilhauer bildirib ki, bu cür xüsusi proqramın mövcudluğu ABŞ hökumətinin yerüstü olmayan həyatın varlığını rəsmi təsdiqləməsi demək deyil. Lakin onun sözlərinə görə, Vaşinqton bu ehtimalı olduqca ciddi qarşılayır və potensial təmasın qlobal fəsadlarına qarşı əlaqələndirilmiş reaksiya mexanizmi hazırlamağa çalışır.
Ekspert qeyd edib ki, yadplanetli zəkanın mövcudluğunun elan edilməsi cəmiyyətdə ciddi psixoloji və sosial sarsıntılara səbəb ola bilər. Bu səbəbdən mülki müdafiə işçiləri, hüquq-mühafizə orqanları, tibb personalı, müəllimlər və din xadimlərinin öncədən maarifləndirilməsi, həmçinin xalq arasında yaranacaq xaosun və qorxunun qarşısını almaq üçün uzunmüddətli dəstək şəbəkələrinin qurulması zəruridir.
İzmedia.az
![]()

