Birləşmiş Ştatlar İranı Yəməndəki husi qruplaşmasını silahlandırmaq, maliyyələşdirmək və hərbi dəstək verməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozmaqda ittiham edib. ABŞ nümayəndəsi Cennifer Loçetta Təhlükəsizlik Şurasının Yəməndəki vəziyyətə həsr olunmuş iclasında bu barədə bəyanatla çıxış edib.
Vaşinqton husilərə silah təchizatını, hərbi köməyi və təlimləri qadağan edən 2140 və 2216 saylı qətnamələrin icrasına çağırıb.
“İran rejimi hər iki qətnamənin ana pozucusudur. Tehran 2216 saylı qətnamə ilə müəyyən edilmiş silah embarqosunu və 2140 saylı qətnamənin sanksiya rejimini sistemli şəkildə tapdalayır” — deyə amerikalı diplomat vurğulayıb.
Mülki itkilər və enerji təhlükəsizliyi risk altında
C.Loçetta husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə raket və dron hücumları nəticəsində 13 mülki şəxsin yaralandığını, 8 sentyabrda reallaşan hücumda isə aralarında qadın və uşaqların da olduğu 70-dən çox insanın xəsarət aldığını diqqətə çatdırıb.
Birləşmiş Ştatlar, həmçinin husiləri neft tankerlərinə və liman infrastrukturuna zərbələr endirməklə qlobal enerji təhlükəsizliyini təhdid etməkdə təqsirləndirib. Vaşinqton qruplaşmanı hücumları dayandırmağa və işğal olunmuş ərazilərdən geri çəkilməyə çağırıb.
Bu bəyanatlar Yəmənin qərb sahillərində toqquşmaların şiddətləndiyi və husilərin mühüm dəniz marşrutu sayılan Bab əl-Məndəb boğazına doğru irəlilədiyi bir vaxtda səslənib.
İzmedia.az
![]()

