Böyük Britaniya Kralı III Çarlz süni intellekt (Sİ) tərtibatçılarını texnologiyanın inkişafı fonunda bəşəriyyətin öz taleyi üzərində nəzarəti itirməməsi üçün bütün zəruri addımları atmağa çağırıb. Bu barədə monarxın sentyabrın 17-də Şotlandiyadakı Damfris Evində (Dumfries House) Sİ sahəsinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündəki çıxışından yayımlanan hissələrdə bildirilir.
“Sky News”un məlumatına görə, III Çarlz çıxışında texnologiyanın sürətli irəliləyişinə diqqət çəkib:
“Süni intellektin inkişafı həm məzmunu, həm də tempinə görə eyni dərəcədə maraq və dərin narahatlıq doğurur. Dünyamızda insan təbiətinə və onun vacib mənəvi komponentinə dəyər verənlər öz taleyimiz üzərində nəzarəti itirməyəcəyimizə dair sizin təminatlarınızı narahatlıqla gözləyirlər”.
Britaniya monarxı vurğulayıb ki, hazırkı həlledici dövrdə qəbul edilən qərarlar gələcək nəsillərin yaşayacağı dünyanı formalaşdıracaq. Onun sözlərinə görə, texnologiya nəhənglərinin əsas vəzifəsi yalnız Sİ-ni inkişaf etdirmək deyil, onun bəşəriyyətin, cəmiyyətin və təbiətin maraqlarına xidmət etməsini təmin etməkdir.
Məlumata görə, mühüm görüşdə “Nvidia”nın təsisçisi və icraçı direktoru Censeni Huanq (Jensen Huang), “Google DeepMind”ın rəhbəri Demis Hassabis, “IonQ” şirkətinin direktorlar şurasının sədri Nikolo de Masi, eləcə də Vatikanın süni intellekt üzrə müşaviri Paolo Benanti kimi nüfuzlu şəxslər iştirak edirlər.
İzmedia.az
![]()

