FED-in faiz qərarı və neftin ucuzlaşması ABŞ birjanı aşağı salıb

2 Min Read
Çərşənbə günü keçirilən ticarət sessiyasında ABŞ-ın əsas fond indeksləri Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından sonra ucuzlaşaraq günü mənfi zonada başa vurub. Tənzimləyici orqan gözlənildiyi kimi faiz dərəcəsini 25 bazis bəndi artıraraq illik 3,75–4% aralığına çatdırıb. Bu, son üç ildə baş verən ilk faiz artımı olub.
FED sədri Kevin Uorş (Kevin Warsh) Mərkəzi Bankın əsas diqqətini qiymət sabitliyinə yönəltdiyini bildirib. Tənzimləyici 2026-cı il üçün inflyasiya proqnozunu 3,6%-dən 3,7%-ə qaldırıb və 2%-lik hədəfə qayıdışın 2029-cu ildə baş verəcəyini proqnozlaşdırıb. Eyni zamanda, 2026 və 2027-ci illər üçün iqtisadi artım proqnozları müvafiq olaraq 2,3% və 2,4%-ə yüksəldilib. Orta proqnozlara görə, ilin sonunadək dərəcənin daha 25 bazis bəndi artırılaraq 4,1%-ə çatdırılması gözlənilir.
Fond bazarındakı enişə neft kotirovkalarının düşməsi də təkan verib. Səudiyyə Ərəbistanının hücuma məruz qalan Şərq-Qərb kəmərinin dayanmasından sonra tədarükü Oman vasitəsilə artıracağı xəbəri neft nəhənglərinin səhmlərinə təzyiq göstərib. “Occidental Petroleum” 6,6%, “ConocoPhillips” 6,5%, “ExxonMobil” 3,5% və “Chevron” 2,9% dəyər itirib.
İndekslər üzrə ən böyük itkilərlə “JB Hunt Transport Services” (-13,3%), “ON Semiconductor” (-9%) və IBM (-4,4%) üzləşib. “Möhtəşəm Yeddilik” daxilində “Nvidia” (+0,8%), “Meta” (+0,5%) və “Apple” (+0,3%) bahalaşsa da, “Microsoft” (-1,4%) və “Amazon” (-1%) geriləyib. Cənubi Koreyanın “SK Hynix” şirkəti ilə yaddaş çipləri istehsalı üzrə danışıqlar apardığı bildirilən “Intel”in səhmləri isə 4% yüksəlib.
Sessiyanın yekununda “Dow Jones” indeksi 1,21% azalaraq 51.461,9 bəndə, “S&P 500” 0,45% düşərək 7551,81 bəndə, “Nasdaq” isə 0,01% itki ilə 25.978,42 bəndə geriləyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş