Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistan Avropa İttifaqına (Aİ) qoşulacağı təqdirdə, ölkə ÜDM-in təxminən 23 faizini itirə bilər.
O, RİA Novosti-yə açıqlamasında qeyd edib ki, Aİ-yə inteqrasiya əmək bazarında daralmaya, inflyasiyanın artmasına və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər: “Daxili istehlak 20 faizdən çox azalacaq və enerji qiymətlərində kəskin artım müşahidə olunacaq”.
Şevtsovun sözlərinə görə, Aİ-yə qoşulma Ermənistanın Avrasiya İqtisadi İttifaqı (AİB) ilə mövcud üzvlüyü ilə ziddiyyət təşkil edir və bu səbəbdən ölkə əvvəlcə AİB-dən çıxmalı olacaq. O bildirib ki, bu halda ixrac məhdudiyyətlərinin bərpası, vahid tələblərin ləğvi və gömrük nəzarətinin yenidən tətbiqi qaçılmaz olacaq.
Rusiya rəsmisi həmçinin iddia edib ki, belə bir ssenaridə erməni miqrantlar üçün güzəştli rejim ləğv oluna, yük daşımalarında isə standart tariflər tətbiq edilə bilər. Onun fikrincə, bu, xüsusilə kənd təsərrüfatı və istehsal sektoruna mənfi təsir göstərəcək, çünki Ermənistan məhsulları əlavə rüsumlar səbəbindən rəqabət qabiliyyətini itirə bilər.
Şevtsov əlavə edib ki, enerji təchizatında güzəştlərin itirilməsi, investisiya axınının azalması və logistika xərclərinin artması da gözlənilə bilər. Onun hesablamalarına görə, bu halda ÜDM 15,1 faiz, sənaye istehsalı 26,3 faiz azala, inflyasiya isə 14 faizdən çox arta bilər.
Eyni zamanda o qeyd edib ki, digər ölkələr üçün bu prosesin təsiri minimal olacaq və itkilər “cüz’i səviyyədə” qalacaq.
Şevtsovun sözlərinə görə, Aİ-yə uyğunlaşma Ermənistanın qanunvericiliyinin və iqtisadi sisteminin Avropa standartlarına uyğunlaşdırılmasını tələb edəcək ki, bu da əlavə investisiya xərcləri yaradacaq. O, gömrük və texniki tənzimləmələrin tətbiqinin malların sərbəst hərəkətini məhdudlaşdıra biləcəyini də iddia edib.
Nəticə olaraq, onun proqnozuna görə, ümumi iqtisadi göstəricilərdə əlavə azalmalar və işsizlikdə artım da baş verə bilər.
İzmedia.az
![]()

