Qırğızıstanda “Araşan” cinsindən olan qoç 1 milyon dollara satılıb

1 Min Read
Qırğızıstanda keçirilən beynəlxalq fermerlər festivalında “Araşan” ət-piy cinsinə mənsub qoç 1 milyon ABŞ dolları məbləğində rekord qiymətə satılıb. Satış barədə məlumatı tədbir iştirakçıları yayıb, faktı Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi də təsdiqləyib.
Məlumata görə, satılan heyvan 2023-cü ildə Qazaxıstandan 150 min dollara alınmış “Frankel” ləqəbli məşhur qoçun balasıdır. Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan fermerlərinin qatıldığı beynəlxalq tədbir məhz “Araşan” cinsinin inkişafı və təbliğinə həsr olunub.
Qeyd edək ki, “Araşan” cinsi rəsmi olaraq 2021-ci ildə Qırğızıstanda qeydiyyata alınıb. Bu cinsin seleksiya işlərinə hələ 1970-ci illərdə Çuy vilayətindəki Maşın Sınaq Stansiyasında başlanılıb. Mütəxəssislər Tacikistandan gətirilmiş Hisar qoçları ilə yerli kobudyunlu qoyunları çarpazlaşdıraraq bu unikal cinsi əldə ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir ki, “Araşan” qoyunları zərif və şirəli əti, yüksək quyruq yağı məhsuldarlığı ilə seçilir. Həm dağlıq, həm də aran-çöl şəraitinə mükəmməl uyğunlaşan bu heyvanlar dözümlülüyü, uzunmüddətli otlaq və tövlə şəraitinə rahat adaptasiya olunması ilə diqqəti cəlb edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş