Beyləqanda məcburi köçkün məktəblilər üçün təlimlər keçirilib

1 Min Read

“Xocavənd Gənclərinin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən Beyləqan rayonunda məskunlaşan və burada təhsil alan məcburi köçkün ailələrindən olan şagirdlər üçün informasiya texnologiyaları sahəsində maarifləndirici və praktiki təlimlər təşkil edilib.

 

Təlimlərin əsas məqsədi regionda təhsil alan yeniyetmə və gənclərin müasir rəqəmsal bacarıqlara yiyələnməsinə dəstək olmaq, onların İT sahəsinə marağını artırmaq və gələcək peşə seçimində texnoloji istiqamətləri təşviq etməkdir.

 

İnteraktiv formatda keçirilən təlimlər çərçivəsində məktəblilərə rəqəmsal savadlılıq, baza proqramlaşdırma anlayışları, kibertəhlükəsizlik qaydaları, alqoritmik düşüncə və internet resurslarından səmərəli istifadə yolları izah edilib. Məşğələlər zamanı şagirdlər təkcə nəzəri biliklər deyil, həm də kompüter arxasında praktiki vərdişlər əldə etmək imkanı qazanıblar.

 

Təlimin yekununda iştirakçı məktəblilərin sualları cavablandırılıb, fəallıq göstərən şagirdlər sertifikat və həvəsləndirici hədiyyələrlə təltif olunublar.

 

Qeyd edilib ki, məcburi köçkün gənclərin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunması istiqamətində bu tipli layihələrin davam etdirilməsi nəzərdə tutulur.

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş