14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu tarixi gün

2 Min Read

14 iyul 1969-cu il Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, milli dirçəliş və inkişaf mərhələsinin başlanğıcıdır. Məhz həmin gün Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu. O dövrdən etibarən iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, elm, təhsil və mədəniyyətin bütün sahələrində misilsiz yüksəliş baş verdi, gələcək müstəqil dövlətimizin möhkəm təməli formalaşdırıldı.

1969-1982-ci illərdə ölkənin milli gəliri 2,5 dəfə, sənaye istehsalı və əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artdı. Respublikada 250-dən çox yeni zavod və fabrik istifadəyə verildi, 20 milyon kvadratmetrdən artıq mənzil tikildi, yüzlərlə məktəb, xəstəxana, mədəniyyət ocağı və digər sosial obyektlər inşa edildi. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı, milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Bütün bunlar Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi, intellektual və hərbi əsaslarını formalaşdırdı.

1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi, sabitlik yaratdı, müstəqil dövlət quruculuğunu möhkəmləndirdi və inkişaf strategiyasını müəyyənləşdirdi. Onun müəllifi olduğu siyasi kurs bu gün də ölkəmizin inkişafının əsas dayağıdır.

Bu gün Ulu Öndərin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir. Son illərdə ölkəmizin iqtisadi potensialı 3,4 dəfə artıb, Azərbaycan 2020-ci ildə tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastruktur layihələri, yeni yollar, hava limanları, enerji və nəqliyyat layihələri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın davamlı inkişafının parlaq göstəriciləridir.

14 iyul Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin, milli dövlətçilik ideyalarının möhkəmlənməsinin və Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin rəmzidir. Azərbaycan bu siyasi xətt sayəsində hər keçən gün daha da güclənir, beynəlxalq nüfuzunu artırır və gələcəyə inamla addımlayır.

Elçin Hüseynov, ictimai fəal

İzmedia.Az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş