Estoniyanın xarici işlər naziri Marqus Tsaxna avqustun 15-də Tallində yerləşən “Milrem Robotics” müdafiə şirkətində baş verən yanğının Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə törədildiyini bəyan edib. Nazir bu qənaətə Ölkənin Daxili Təhlükəsizlik Xidmətinin (KAPO) topladığı sübutlar əsasında gəldiklərini bildirib.
Tsaxna baş verənləri “qəbuledilməz” adlandıraraq, Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimulinin Estoniya Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb. Şübhəli yanğınla bağlı artıq üç nəfər həbs olunub ki, onların da ikisi Latviya ərazisində saxlanılıb. Estoniyalı diplomat əlavə edib ki, bu addım Avropa İttifaqını qorxutmaq və Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıyan daha geniş kampaniyanın tərkib hissəsidir.
Kreml isə irəli sürülən təxribat ittihamlarını “əsassız” adlandıraraq rədd edib. Qeyd edək ki, robotlaşdırılmış yerüstü sistemlər istehsal edən “Milrem Robotics” Ukrayna ilə sıx əməkdaşlıq edir və Kiyevə “THeMIS” pilotsuz döyüş maşınları tədarük edir.
İzmedia.az
![]()

