ABŞ-ın Kaliforniya ştatında yerləşən “Six Flags Magic Mountain” əyləncə parkı məşhur “X2” diyircəkli sahil gəmisinin (roller coaster) fəaliyyətini birdəfəlik dayandırdığını elan edib. Qərar attraksionda gəzinti zamanı başından ağır xəsarət alan ziyarətçilərin çoxsaylı məhkəmə iddialarından sonra qəbul olunub.
Parkın prezidenti Brayan Oerdinq bildirib ki, attraksion çoxsaylı təhlükəsizlik sınaqlarından uğurla keçsə də, qonaqların etibarını qorumaq məqsədilə onu bağlamaq haqqında qərar verilib. “Associated Press” (AP) agentliyinin məlumatına görə, son iki ildə iddialarla bağlı 100-dən çox müraciət qeydə alınıb. Avqust ayında isə park rəhbərliyi attraksionda aldığı beyin qanaması nəticəsində həyatını itirən 22 yaşlı gəncin ailəsi tərəfindən qaldırılan iddianı məhkəmədənkənar razılaşma ilə həll etmişdi.
Hündürlüyü təxminən 60 metr, sürəti isə saatda 122 km-ə çatan fırlanan oturacaqlı “X2” attraksionu iyulun 12-dən bəri müvəqqəti bağlı idi. Artıq attraksionun tamamilə söküləcəyi bildirilir.
İzmedia.az
![]()

