Polşanın müdafiə nazirinin müavini Çezari Tomçik RMF FM radiosuna müsahibəsində Birləşmiş Ştatların Polşada daimi hərbi bazanın yerləşdiriləcəyi ərazini ilkin olaraq müəyyənləşdirdiyini bildirib.
“Baza üçün yer öncədən seçilib. Hazırda iki variant – Aşağı Sileziya və Böyük Polşa voyevodalıqları nəzərdən keçirilir. Yekun qərar amerikalı tərəfdaşlarla birlikdə verilməlidir”, – deyə Tomçik qeyd edib. O əlavə edib ki, ABŞ hərbi bazasının yaradılması ilə bağlı son rəsmi qərarı Polşanın Baş naziri Donald Tusk elan edəcək.
Xatırladaq ki, iyunun 3-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqon rəhbəri Pit Heqsetə ölkədə yeni daimi ABŞ hərbi bazasının təsis edilməsi barədə rəsmi təklif təqdim etmişdi. 5000 nəfərlik şəxsi heyətin yerləşdirilməsi üçün nəzərdə tutulan obyektin tikinti xərclərinin 10 milyard zlotıdan (təxminən 2,7 milyard dollar) çox olacağı təxmin edilir.
İzmedia.az
![]()

