Cənubi Atlantik Okeanında yerləşən Müqəddəs Yelena adasında yaşayan və yerüzünün ən yaşlı quru heyvanı hesab olunan Seyşel nəhəng tısbağası Conatanın 2026-cı ildə 194 yaşı tamam olub. “Live Science” və “Science Advances” jurnallarında dərc olunan yeni genetik tədqiqat tısbağanın öz növünün orta ömür həddini təxminən bir əsr geridə qoymasının genetik və epigenetik səbəblərinə işıq salıb.
Alimlər tısbağanın ağız boşluğundan alınan DNT nümunələrini təhlil edərək onun genomunda DNT təmiri, iltihabın qarşısının alınması və xərçəng hüceyrələrinin boğulması ilə bağlı 287 xüsusi genetik variasiya aşkar ediblər. Bununla yanaşı, epigenetik analizlər hüceyrələrin enerji mərkəzi olan mitoxondrilərin fəaliyyətini tənzimləyən genlərin Conatanın bədənində 194 il keçməsinə baxmayaraq gənc tısbağalardakı kimi yüksək dəqiqliklə işlədiyini göstərib.
Tədqiqatçılar bildirirlər ki, tək bir “uzunömürlülük geni” mövcud olmasa da, metabolizm və DNT bərpası mexanizmlərinin yaşlandıqca sabit qalması orqanizmin hüceyrə səviyyəsində qocalmasının qarşısını alır. Əldə edilən məlumatların gələcəkdə insanlarda qocalma biologiyasının və xroniki xəstəliklərin öyrənilməsində mühüm elmi baza yaradacağı gözlənilir.
İzmedia.az
![]()

