Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Lüksemburqda keçirilən və Gürcüstandakı siyasi vəziyyətin müzakirə olunduğu iclasına kəskin reaksiya verib. Kaladze Aİ rəsmilərinin bəyanatları ilə “qətiyyən maraqlanmadığını” bildirərək, Avropa bürokratiyasının Gürcüstana qarşı açıqlamalarının sırf ədalətsizlik və yalan üzərində qurulduğunu iddia edib.
Tbilisi meri Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaia Kallasın ünvanına da kəskin ifadələr işlədib: “Əgər Kaia Kallas xəritəni götürsəydi, Gürcüstanın harada yerləşdiyini belə göstərə bilməzdi”. Kaladzenin sözlərinə görə, Qərb dairələrinin əsas məqsədi öz “agent şəbəkəsini” Gürcüstanda hakimiyyətə gətirmək və ölkəni Ukrayna ssenarisi üzrə öz geopolitik maraqları üçün istifadə etməkdir. O, Gürcüstanın son illərdə iqtisadi və demokratik inkişaf baxımından regionda lider olduğunu vurğulayaraq, ölkəsinin söz azadlığı və bərabər imkanlara söykənən müstəqil dövlət quruculuğu yolunu davam etdirəcəyini bəyan edib.
İzmedia.az
![]()

