Çexiyanın Baş naziri Andrey Babiş Praqada keçirilən tədbirdə çıxışı zamanı mövcud qlobal təhlükəsizlik vəziyyəti ilə bağlı kəskin xəbərdarlıq edib. ČTK xəbər agentliyinin məlumatına görə, o, dünyanın hazırda təhlükəli bir istiqamətə yönəldiyini bildirib.
“Dünyanın təhlükəsizliyə aparmayan bir yolla irəlilədiyini açıq deməkdən çəkinmirəm. Bu yol birbaşa cəhənnəm qapılarına və Üçüncü Dünya Müharibəsinə aparır”, — deyə Babiş vurğulayıb.
Baş nazirin sözlərinə görə, Avropa diqqətini sülh təşəbbüslərinə yönəltməlidir. Beynəlxalq müdafiə konfranslarında “sülh” anlayışının demək olar ki, səslənmədiyini deyən hökumət başçısı, əsas diqqətin hərbi güc tətbiqinə ayrılmasından narahatlığını ifadə edib.
Babiş həmçinin əlavə edib ki, Avropa qlobal qeyri-sabitliyin bədəlini inflyasiya, yüksək enerji qiymətləri və sənayenin rəqabət qabiliyyətinin zəifləməsi ilə ödəyir. O, öz enerji resursları ilə kifayətlənə bilməyən Mərkəzi Avropa ölkələri üçün hazırkı enerji idxalından imtinanın ciddi zərər vuracağını diqqətə çatdırıb.
İzmedia.az
![]()

