Rafət Şirəliyev: “Milli müstəqilliyin qorunması və inkişaf etdirilməsi hər bir nəslin məsuliyyətidir”

3 Min Read

17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Rafət Şirəliyev fikirlərini bölüşüb.

Rafət Şirəliyev bildirib ki, Milli Dirçəliş Günü Azərbaycan xalqının öz gələcəyinə sahib çıxmaq, milli maraqlarını qorumaq və müstəqil dövlət qurmaq əzminin tarixə çevrildiyi mühüm günlərdən biridir.

O qeyd edib ki, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan ümumxalq mitinqi xalqımızın milli azadlıq hərəkatında yeni mərhələnin başlanğıcı olub. Həmin günlərdə minlərlə insanın eyni amal ətrafında birləşməsi, milli maraqlar naminə nümayiş etdirdiyi qətiyyət və cəsarət Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur.

Birlik sədri vurğulayıb ki, bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xidmətləri də xüsusi qeyd olunmalıdır. Belə ki, sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına sədrlik edən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verilib. Bu addım milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm tarixi qərarlardan biri olub.

Rafət Şirəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli maraqların qorunması, Azərbaycançılıq ideologiyasının inkişafı və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti müasir Azərbaycan tarixinin mühüm səhifələrindəndir.

Milli dirçəliş bu gün də davam edən bir prosesdir

Rafət Şirəliyevin fikrincə, milli dirçəliş anlayışını yalnız tarixi hadisələrlə əlaqələndirmək düzgün olmazdı. Bu anlayış bu gün də cəmiyyətin inkişafında, milli dəyərlərin qorunmasında, təhsildə, elmdə, texnologiyada və gənclərin təşəbbüskarlığında özünü göstərməlidir.

O bildirib ki, müstəqillik əldə etmək qədər onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü dövlət miras qoymaq da mühüm məsuliyyətdir.

Gənclərin milli dövlətçilik tarixinin öyrənilməsində rolu

Birlik sədri xüsusilə gənclərin Milli Dirçəliş Gününün tarixi əhəmiyyətini dərindən öyrənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, gənc nəsil ölkənin müstəqillik tarixini, bu yolda göstərilən mübarizəni və dövlətçilik ənənələrini bilməli, əldə olunan nailiyyətlərin qorunmasına öz töhfəsini verməlidir.

“Bu gün gənclərin qarşısında fərqli vəzifələr dayanır. Əgər əvvəlki nəsillər müstəqillik uğrunda mübarizə aparıb, dövlətimizin əsaslarını formalaşdırıblarsa, bugünkü gənclərin vəzifəsi həmin müstəqilliyi bilik, elm, texnologiya, innovasiya və güclü vətəndaş mövqeyi ilə daha da möhkəmləndirməkdir. Biz gənclərə yalnız tariximizi öyrətməməli, həm də onların bu tarixin davamçıları və gələcəyin qurucuları olduqlarını hiss etdirməliyik”, – deyə Rafət Şirəliyev bildirib.

Sonda Rafət Şirəliyev qeyd edib ki, “Yaradıcı Gənclər” İctimai Birliyi milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda formalaşması, dövlətçilik tarixinin təbliği və onların cəmiyyətin inkişafında fəal iştirakının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

O, xalqımızı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edərək, Azərbaycanın müstəqilliyinin daim qorunmasını və ölkəmizin daha böyük nailiyyətlər əldə etməsini arzulayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş