Böyük Britaniya kralı III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzor təxminən 12 saatlıq sorğu-sualdan sonra polis nəzarətindən buraxılıb.
İzmedia.az bildirir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, Endryu İngiltərənin Norfolk qraflığında yerləşən Aylşam polis bölməsindən çıxarkən avtomobilin arxa oturacağında görüntülənib.
Polis açıqlamasında bildirib ki, o, “əlavə istintaq aparılana qədər sərbəst buraxılıb”, yəni araşdırma davam edir.
Endryu fevralın 19-da səhər saatlarında vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb. Həbs onun 66-cı doğum gününə təsadüf edib. Kral III Çarlz qardaşına qarşı istintaqın aparılmasını dəstəklədiyini bildirərək, “Qanun aliliyi təmin olunmalıdır”, – deyə vurğulayıb.
Şahzadə Endryunun adı daha əvvəl cinsi istismar məqsədilə insan alverində ittiham olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqədə hallanıb. Epşteynin qurbanlarından biri olan Virciniya Cuffre 2001-ci ildə, 17 yaşında olarkən Endryu ilə üç dəfə cinsi əlaqədə olduğunu iddia etmişdi. Onun 2025-ci ilin aprelində vəfat etdiyi bildirilir.
Qeyd olunur ki, Britaniya kral ailəsinin üzvünün sonuncu həbsi 1647-ci ildə baş verib. Həmin vaxt kral I Karl İngiltərə Vətəndaş müharibəsi zamanı əsir götürülmüş, xəyanətdə təqsirli bilinmiş və daha sonra edam edilmişdi.
![]()

