ISW: Kreml yeni qismən səfərbərlik üçün zəmin formalaşdırır

3 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertlərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı itkiləri kompensasiya etmək məqsədilə ehtiyatda olanların məcburi qismən səfərbərliyinin bərpası üçün “informasiya zəmini” yaradır.

İzmedia.az-ın məlumatına görə, analitiklər bildirirlər ki, ötən ilin sonunda Müdafiə Nazirliyinə 2 milyon çağırışçını yerləşdirməyə icazə verən qanunvericilik dəyişiklikləri, eləcə də müqaviləli hərbçilərin sayının cəbhə xəttindəki itkiləri kompensasiya etməyə kifayət etməməsi yeni səfərbərlik ehtimalını gücləndirir. Qərb kəşfiyyatının hesablamalarına əsasən, yanvar ayında aparılan çağırış nəticəsində cəbhədəki itkilərdən təxminən 9 min nəfər az hərbçi cəlb olunub.

Rusiya hakimiyyəti ehtiyatda olanların yalnız mühüm obyektlərin mühafizəsi üçün cəlb ediləcəyini bəyan etsə də, ISW qeyd edir ki, qanun onların ölkə hüdudlarından kənarda da yerləşdirilməsinə imkan verir. Bundan əlavə, noyabr ayından etibarən illik hərbi çağırış kampaniyası davam edir və dekabrda V.Putin ehtiyatda olanların çağırışı ilə bağlı qanunu imzalayıb.

ISW xatırladır ki, 2022-ci ilin sentyabrında elan olunan əvvəlki qismən səfərbərlik Rusiyada narazılıq dalğasına səbəb olmuş və yüz minlərlə insanın ölkəni tərk etməsi ilə nəticələnmişdi. Analitiklərin qənaətinə görə, Kreml oxşar reaksiyanın təkrarlanmasından ehtiyat edir. Məlumata əsasən, 2022-ci ildə çağırılmış 300 min nəfərdən təxminən 78 mini ötən ilin may ayına olan göstəriciyə görə hələ də cəbhədə qalıb.

Hesabatda vurğulanır ki, Kreml “silah və sosial rifah” arasında balans yaratmağa çalışır – bir tərəfdən genişmiqyaslı səfərbərliyin doğura biləcəyi ictimai narazılığın qarşısını almaq, digər tərəfdən isə hərbi əməliyyatların tempini saxlamaq və artıq təzyiq altında olan iqtisadiyyatda işçi qüvvəsini qorumaq məqsədi güdür.

ISW-nin qiymətləndirməsinə görə, müqaviləli hərbçilər hesabına ordunun komplektləşdirilməsi strategiyası 2026-cı ilə qədər öz həddinə çata bilər. Analitiklər hesab edirlər ki, Kremlin ehtiyatda olanları yeni qismən çağırışa hazırlamaq cəhdləri Moskvanın çətin seçim qarşısında qaldığını göstərir.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev daha əvvəl bəyan edib ki, 2025-ci ilin sonunadək çağırış kampaniyası nəticəsində orduya 422 700 nəfər cəlb olunub. Onun sözlərinə görə, əvvəlki il bu göstərici 450 min, 2023-cü ildə isə 500 minə yaxın olub. Beləliklə, son üç ildə orduya cəlb olunanların sayı təxminən 10 faiz azalıb.

ISW-nin hesablamalarına əsasən, ötən il Rusiya ordusunun cəbhə xəttində itkiləri 425 min nəfər təşkil edib. Müharibə başlayandan bəri ümumi itkilərin 1,2 milyon nəfərə çatdığı, onlardan 325 mininin həlak olduğu iddia olunur. Bu göstəricilərin SSRİ-nin Əfqanıstandakı müharibəsi və Çeçenistan müharibələri ilə müqayisədə daha yüksək olduğu qeyd edilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş