Yaponiyada hakim Liberal Demokrat Partiyasının konfransında Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların ləğvi məsələsi qaldırılıb.
İzmedia.az xəbər verir ki, bu barədə görüşdə iştirak edən yaponiyalı deputat Muneo Suzuki məlumat verib.
Suzuki TASS agentliyinə bildirib ki, İran ətrafındakı vəziyyətlə bağlı partiyanın qərargahında keçirilən iclas zamanı Rusiyanın dünyanın ən böyük enerji güclərindən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Yaponiya neft və qaz təchizatında Yaxın Şərqdən təxminən 90 faiz asılıdır və bu regiondan daşınma üç həftədən bir aya qədər vaxt aparır.
Suzuki qeyd edib ki, Rusiyanın Vladivostok şəhərindən enerji daşıyıcılarının çatdırılması isə bir gündən az vaxt tələb edə bilər. Deputat bu coğrafi üstünlükdən istifadə edilməsinin vacibliyini vurğulayıb.
O əlavə edib ki, Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar G7 ölkələri tərəfindən tətbiq olunub və onların ləğvi barədə də məhz bu ölkələr bəyanat verməlidir.
LDP-nin Siyasət Tədqiqatları Şurasının sədri Takayuki Kobayashi isə Suzukinin mövqeyini nəzərə alacaqlarını bildirib.
İzmedia.az
![]()

