Putin Kim Çen Inı Dövlət İşləri Komissiyasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

2 Min Read

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri Komissiyasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edib.

İzmedia.az xəbər verir ki, bu barədə Kremlin saytında yayımlanan təbrik teleqramında qeyd olunur.

Sənəddə deyilir:

“Hörmətli yoldaş Kim Çen In, Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin”.

Putin bildirib ki, Ali Xalq Məclisinin qanunvericilərinin qərarı Şimali Koreya liderinin ölkənin sosial-iqtisadi problemlərini həll etmək və beynəlxalq səviyyədə suverenliyini qorumaq səylərinə ictimaiyyətin yekdil dəstəyini göstərir. Teleqramda Rusiya və Şimali Koreyanın strateji tərəfdaşlıqlarını daha da inkişaf etdirmək üçün birgə işləməyə davam edəcəkləri vurğulanıb: “Əlbəttə ki, Moskva və Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafı üzrə sıx əməkdaşlığımızı davam etdirəcəyik. Bu, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına xidmət edir”.

Rusiya prezidenti həmçinin Kim Çenin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəni yüksək qiymətləndirib və ona məsuliyyətli dövlət vəzifələrində uğurlar, möhkəm cansağlığı və rifah arzulayıb.

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, hazırda Pxenyanda keçirilən Koreya Əmək Partiyasının 9-cu qurultayında Ali Xalq Məclisinin deputatları Kim Çen Inı baş katib və Dövlət İşləri Komissiyasının sədrliyinə yenidən seçiblər. Kim Çen In 2011-ci ildən Şimali Koreyanın lideridir və 2016-cı ildən Dövlət İşləri Komissiyasına rəhbərlik edir. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklə ona rəsmi olaraq dövlət başçısı və Koreya Xalq Ordusunun Ali Komandanı statusu verilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş