Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, Avstraliya və Avropa İttifaqı müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq müqaviləsi imzalayıblar və bu müqavilə dərhal qüvvəyə minib.
Onun sözlərinə görə, saziş kibertəhlükəsizlik, terrorizmə qarşı mübarizə və hibrid təhdidlərə qarşı mübarizə sahələrində əməkdaşlığı gücləndirəcək.
Albanese qeyd edib ki, müqavilə informasiya mübadiləsinin genişləndirilməsini, təhdidlərə birgə cavab vermək üçün imkanların artırılmasını, eləcə də radikalizmə və onlayn terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bundan əlavə, tərəflər kosmik təhlükəsizlik üzrə yeni dialoqa başlamaq barədə razılığa gəliblər.
Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, tərəfdaşlıq hərbi təchizat üçün yeni imkanlar açacaq. “Bu müqavilə Avstraliyanın müdafiə texnologiyaları və innovasiya şirkətlərinə Avropa tərəfdaşları ilə münasibətlərini dərinləşdirməyə və ölkənin müdafiə sənayesinin genişlənməsi üçün təməl qoymağa imkan verəcək”, – deyə o bildirib.
![]()

