Apple AirTag ölçüsündə süni intellektli yeni cihaz üzərində işləyir

2 Min Read

Apple şirkətinin AirTag ölçülərinə bənzər, süni intellektlə təchiz olunmuş kompakt cihaz üzərində işlədiyi bildirilir. Layihə inkişaf etdirilərsə, cihazın 2027-ci ildə bazara çıxması gözlənilir. Bu barədə MacRumors işlə tanış mənbələrə istinadən məlumat yayıb.

İlkin məlumata görə, cihaz şüşə və alüminiumdan hazırlanmış, fiziki idarəetmə düyməsi olan nazik dairəvi disk formasında olacaq. Qurğu AirTag-dan bir qədər qalın olacaq və onu müxtəlif üsullarla — klip vasitəsilə paltara və ya çantaya, yaxud boyun ətrafına asmaq mümkün olacaq. Şarj prosesi isə Apple Watch kimi simsiz həyata keçiriləcək.

Cihazda kamera (hətta iki kamera) və mikrofonların olması nəzərdə tutulur. Lakin kameraların funksionallığı hələ tam dəqiqləşməyib — ya yalnız ətraf mühitin təhlili üçün istifadə olunacaq, ya da şəkil çəkməyə imkan verəcək. Dinamiklə bağlı qərar isə hələ verilməyib.

Məlumata əsasən, bu qurğu müstəqil işləməyəcək, əsas hesablamalar iPhone vasitəsilə həyata keçiriləcək və cihaz onun “gözü və qulağı” kimi fəaliyyət göstərəcək. O, iOS 27 ilə birlikdə təqdim edilə biləcək yenilənmiş Siri sistemi ilə sıx inteqrasiya olunacaq. Yeni köməkçinin imkanlarının OpenAI və Google kimi şirkətlərin texnologiyalarına yaxınlaşacağı gözlənilir.

Layihə hazırda erkən inkişaf mərhələsindədir və Apple istənilən vaxt onu dayandıra bilər. Şirkətin bu istiqamətdə daha geniş strategiyası çərçivəsində süni intellektli geyilə bilən digər qurğular — ağıllı eynəklər və kameralı AirPods da hazırlanır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş