Ermənistanın xahişi ilə Gürcüstan və Ermənistanı birləşdirən qaz kəmərinin 5,5 kilometrlik hissəsinin köçürülməsi planlaşdırılır.
İzmedia.az xəbər verir ki, bu barədə məlumatı Sputnik Gürcüstan yayıb.
Məlumata əsasən, müvafiq ərizə artıq Gürcüstan Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitə Nəzarət Departamenti-nə təqdim olunub. Sənədlərdə qeyd olunur ki, qaz kəmərinin yerinin dəyişdirilməsi Ermənistan tərəfinin müraciəti ilə həyata keçirilir.
Bildirilib ki, kəmərin Ermənistan hissəsi üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan sərhəd zonasında yerləşir və 1990-cı illərdə mina sahəsi ilə əhatə olunub. Bu səbəbdən həmin ərazidə təhlükəsizlik standartlarını təmin etmək və təmir işlərini aparmaq mümkün deyil.
Köçürülmənin əsaslandırılmasında qeyd olunur ki, mövcud problemli hissə mina sahəsindən çıxarılacaq və onun əvəzinə təhlükəsiz məsafədə yeni qaz kəməri çəkiləcək. Yeni xətt bir neçə kilometr uzadılaraq Ermənistan tərəfi tərəfindən inşa edilən hissəyə birləşdiriləcək.
İzmedia.az
![]()

