Macarıstanın baş naziri Viktor Orban bildirib ki, hazırkı hökumətin əleyhdarları hakimiyyəti ələ keçirmək üçün hər vasitəyə əl atmağa hazırdırlar.
“Rəqiblərimiz hakimiyyətə gəlmək üçün heç nədən çəkinməyəcəklər. Onlar xarici kəşfiyyat orqanları ilə əlaqələr qururlar. Tərəfdarlarımızı qisas almaqla hədələyirlər. Yalan ittihamlar irəli sürür, seçkilərdən əvvəl seçki saxtakarlığından danışırlar. Hətta səslər sayılmamış etirazlar və iğtişaşlar təşkil etməyə çalışırlar”, – deyə o, televiziya vasitəsilə xalqa müraciətində qeyd edib.
Baş nazir vurğulayıb ki, bu cəhdlərin məqsədi seçkiləri beynəlxalq ictimaiyyətin gözündə nüfuzdan salmaq və Macarıstan xalqının qərarını şübhə altına almaqdır.
Orban çıxışında son illərdə əldə olunan nailiyyətlərə də toxunub. O, bir milyon iş yerinin yaradıldığını və əməkhaqlarının artdığını xatırladıb. Bununla belə, hazırda bu nailiyyətlərin təhlükə altında olduğunu bildirib: “Dünyada müharibələr davam edir, enerji və maliyyə böhranları Avropaya yaxınlaşır. Macarıstan bu proseslərdən kənarda qala bilməz”.
Baş nazir qeyd edib ki, indi fikir ayrılıqları, qəzəb və nifrət zamanı deyil: “Macarıstanın birliyə, həmrəyliyə və təhlükəsizliyə ehtiyacı var. Biz milli birliyi elan edirik və Avropada yaxınlaşan böhran fonunda bütün macar ailələrini qoruyacağıq”.
O, vətəndaşları qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə və hakim Fidesz – Macarıstan Vətəndaş Alyansı partiyasını dəstəkləməyə çağırıb. Orbanın sözlərinə görə, seçkilərdə risklər yüksəkdir və “dəyişikliklər təhlükə deməkdir”.
Daha əvvəl Macarıstan hökuməti Ukrayna kəşfiyyatı da daxil olmaqla, xarici kəşfiyyat orqanlarının seçki prosesinə görünməmiş müdaxiləsi barədə iddialar səsləndirib. Budapeşt həmçinin Kiyev və Brüsselin mövcud hakimiyyətə qarşı müxalifəti açıq şəkildə dəstəklədiyini bildirib.
İzmedia.az
![]()

