“The Times of Israel” nəşrinin məlumatına görə, İsrail və Livan nümayəndələri Vaşinqtonda görüş keçirərək son təxminən 30 ildə baş tutmayan birbaşa danışıqların başlanğıcı istiqamətində ilk addımı atıblar.
Danışıqlar ABŞ Dövlət Departamentində xüsusi otaqda təşkil olunub. Görüşdə ABŞ dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Maykl Nidhem, ABŞ-ın Livandakı səfiri Mişel İssa və ABŞ-ın BMT-dəki səfiri Mayk Valz iştirak edib.
Tərəflərin birgə bəyanatında vurğulanıb ki, bu görüş hələ sülh danışıqlarının rəsmi başlanğıcı deyil, həmin prosesə hazırlıq mərhələsi hesab olunur.
Bəyanatda qeyd olunub ki, ABŞ hər iki ölkəni bu addıma görə təbrik edib və gələcək danışıqlara, həmçinin Livan hökumətinin ölkə daxilində tam nəzarəti bərpa etməsi və İran təsirinin azaldılması istiqamətində atılacaq addımları dəstəklədiyini bildirib.
Vaşinqton ümid etdiyini bildirib ki, danışıqlar 2024-cü il razılaşmalarından kənara çıxaraq daha geniş sülh sazişi ilə nəticələnə bilər. Bu kontekstdə ABŞ-ın əvvəlki vasitəçiliyi ilə Livanda əldə olunmuş atəşkəsə də istinad edilib. Həmin razılaşma “Hizbullah”ın silahsızlaşdırılmasını və qüvvələrinin cənubi Livandan çıxarılmasını nəzərdə tutsa da, bu şərtlər tam yerinə yetirilməyib.
ABŞ öz bəyanatında İsrailin “Hizbullah”ın hücumlarından müdafiə hüququnu dəstəklədiyini də qeyd edib və vurğulayıb ki, Livanla bağlı istənilən atəşkəs yalnız Qüds və Beyrut arasında birbaşa danışıqlar yolu ilə əldə olunmalıdır.
Nəşr xatırladır ki, İran atəşkəs razılaşmasına Livanın da daxil edilməsinə çalışsa da, həm İsrail, həm də ABŞ bu təklifi rədd edib. Nəticədə İranla bağlı atəşkəs qüvvəyə mindikdən sonra İsrail və “Hizbullah” arasında döyüşlər daha bir müddət davam edib.
Birgə bəyanatda Livanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyi vurğulanıb, eyni zamanda humanitar böhranın aradan qaldırılması üçün konkret addımların atılmasına çağırış edilib.
İsrail tərəfi isə bütün qeyri-dövlət silahlı qrupların tərksilah edilməsini və Livandakı silahlı infrastrukturların aradan qaldırılmasını dəstəklədiyini bildirib, bu məqsədlə Livan hökuməti ilə əməkdaşlığa hazır olduğunu ifadə edib.
Sonda qeyd olunub ki, tərəflər birbaşa danışıqlara başlamaq barədə prinsipial razılığa gəliblər, lakin növbəti görüşün vaxtı və yeri hələ açıqlanmayıb.
İzmedia.az
![]()

