Moldova hökuməti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində keçmiş Sovet İttifaqının dəmir yolu və konteyner donanmalarının bölüşdürülməsi, eləcə də dövlətlərarası humanitar əməkdaşlıq fondunun yaradılması ilə bağlı iki müqavilənin ləğvini təsdiqləyib.
Nazirlər Kabinetinin iclasında çıxış edən Moldovanın mədəniyyət naziri Kristian Jardan bildirib: “Hökumət MDB-nin dövlətlərarası humanitar əməkdaşlıq fondunun yaradılması haqqında sazişinin ləğvini təsdiqlədi. Çünki son illərdə bu fonddan heç bir maddi fayda əldə etməmişik”. Onun sözlərinə görə, hökumətin qərarından sonra hər iki sənədin ləğvi ilə bağlı qanun layihələri parlamentə təqdim olunacaq.
Xatırladaq ki, bu ayın əvvəlində Moldovanın MDB-nin təsis sənədlərindən, o cümlədən Birliyin yaradılması haqqında müqavilədən, nizamnamədən və Alma-Ata Bəyannaməsindən çıxması ilə bağlı qərarlar Prezident Maya Sandu tərəfindən təsdiqlənərək qüvvəyə minib. Daha sonra Kişinyov bu barədə MDB İcraiyyə Komitəsinə məlumat verib və təsdiq alıb.
Formal olaraq Moldovanın MDB-dən çıxması 12 aydan sonra – gələn ilin aprelində qüvvəyə minəcək. Lakin praktikada ölkənin son illərdə təşkilatdakı üzvlüyü əsasən simvolik xarakter daşıyır. Rusiya Prezidenti Vladimir Putin Moldovanı “formal üzv olub, lakin təşkilat çərçivəsində aktiv fəaliyyət göstərməyən” ölkələr sırasında göstərib. Kreml isə MDB-nin uzun illər ərzində üzv dövlətlər üçün faydalı olduğunu vurğulayıb.
Moldovanın MDB-yə münasibəti Maya Sandunun 2020-ci ildə prezident seçilməsindən sonra dəyişməyə başlayıb. O, Avropa Birliyinə inteqrasiya kursunu elan edib və MDB sammitlərində iştirakdan imtina edib. 2023-cü ilin fevralında ölkə hökuməti MDB çərçivəsində imzalanmış bir sıra müqavilələrin ləğvini planlaşdırdığını açıqlayıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda 70 müqavilədən çıxmaq üçün daxili prosedurlar tamamlanıb, daha 60 müqavilənin ləğvi isə planlaşdırılır. Bununla yanaşı, Moldova iqtisadi münasibətlərlə bağlı bəzi sazişlərdə iştirakını davam etdirmək niyyətindədir.
İzmedia.az
![]()

