CBS News ABŞ kəşfiyyatına istinadən məlumat yayıb ki, İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlara baxmayaraq, Vaşinqtonun açıq şəkildə iddia etdiyindən daha çox hərbi potensialını qoruyub saxlayıb.
Məlumata görə, atəşkəs 8 apreldə qüvvəyə minənə qədər İran ballistik raketlərinin və buraxılış qurğularının təxminən 50 faizini saxlayıb. ABŞ rəsmiləri bildiriblər ki, ölkənin dəniz qüvvələri ciddi zərər görsə də, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) daxil olmaqla dəniz potensialının təxminən 60 faizi, o cümlədən Hörmüz boğazında istifadə edilən sürətli hücum katerləri və kiçik gəmilər fəaliyyət qabiliyyətini qoruyub.
Hesabatda həmçinin qeyd olunur ki, İran Hərbi Hava Qüvvələri tam sıradan çıxarılmayıb və hazırda aviasiyanın təxminən üçdə ikisi döyüş əməliyyatlarına yararlıdır.
Bu məlumatlar ABŞ prezidenti Donald Trump və Pentaqon rəhbəri Pete Hegseth tərəfindən səsləndirilən, İranın hərbi imkanlarının ciddi şəkildə məhv edildiyi barədə açıqlamalarla ziddiyyət təşkil edir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də Donald Tramp Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 günlük qarşıdurma zamanı 3375 nəfər həlak olub.
Aprelin 11-də İran və ABŞ İslamabad şəhərində bir neçə raund danışıqlar aparıb, lakin tərəflər uzunmüddətli razılaşmaya nail ola bilməyiblər.
Aprelin 21-də Tramp atəşkəsin uzadılacağını açıqlasa da, İran bunu birtərəfli addım kimi qiymətləndirərək qəbul etməyəcəyini bildirib. Aprelin 22-də İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani isə ABŞ dəniz blokadasını aradan qaldırarsa, Pakistanda danışıqların bərpasının mümkün ola biləcəyini qeyd edib.
İzmedia.az
![]()

