İllərdir süni intellekt xərcləri azaltmaq, əmək məhsuldarlığını artırmaq və əməliyyatları optimallaşdırmaq vasitəsi kimi təqdim olunurdu. Lakin Axios nəşrinin məlumatına görə, bəzi şirkətlərdə süni intellekt sistemlərinin saxlanma və işləmə xərcləri artıq işçilərin əməkhaqqını üstələyib.
Nəşr yazır ki, bir sıra şirkətlərdə süni intellekt infrastrukturu ilə bağlı xərclər əmək haqqı fondunu keçdiyi üçün korporativ İT büdcələri ciddi təzyiq altındadır. Nvidia şirkətinin tətbiqi dərin öyrənmə üzrə vitse-prezidenti Brayan Katanzaro bildirib ki, “hesablama xərcləri işçilərin xərclərindən xeyli çoxdur”.
Uber bir neçə aya illik büdcəsini xərcləyib
Uber-in baş texniki direktoru Pravin Neppally Naga The Information nəşrinə bildirib ki, şirkət mühəndisləri arasında Claude Code alətinin sürətlə yayılması səbəbindən 2026-cı il üçün ayrılmış büdcə ilin ilk aylarında tam istifadə olunub.
Onun sözlərinə görə, Uber 2025-ci ilin dekabrında təxminən 5 min mühəndis üçün Claude Code istifadəyə verib. Fevral ayına qədər istifadə iki dəfə artıb, mart ayında isə proqramçıların 84 faizi agent əsaslı proqramlaşdırma istifadəçiləri kimi qeydə alınıb.
Bildirilir ki, həftədə təxminən 1800 kod dəyişikliyi birbaşa insan müdaxiləsi olmadan həyata keçirilib. Token əsaslı qiymətləndirmə sistemi səbəbindən aylıq API xərcləri hər mühəndis üçün 500 dollardan 2000 dollara qədər yüksəlib.
Qlobal İT xərcləri 6,31 trilyon dollara çatacaq
Gartner şirkətinin son proqnozuna görə, qlobal İT xərcləri 2026-cı ildə əvvəlki illə müqayisədə 13,5 faiz artaraq 6,31 trilyon dollara çatacaq.
Məlumat mərkəzlərinə çəkilən xərclərin isə yüksək hesablama gücü və süni intellekt tapşırıqları üçün prosessorlara tələbat səbəbindən 55,8 faiz artaraq 788 milyard dollara yüksələcəyi gözlənilir.
Şirkətlər üçün yeni dilemma
Məqalədə qeyd olunur ki, sürətlə artan xərclər şirkət rəhbərlərini süni intellektə böyük həcmdə sərmayənin nə dərəcədə səmərəli olduğu barədə yenidən düşünməyə vadar edir.
Katanzaro mövcud vəziyyəti belə izah edib: “Hamımız təchizatla məhduduq”.
Beləliklə, avtomatlaşdırmaya sürətlə keçən şirkətlər üçün yeni reallıq formalaşır: maşınlar daha səmərəli ola bilər, lakin onları işlətmək artıq həmişə daha ucuz deyil.
İzmedia.az
![]()

